GECƏ HƏRƏKƏTLİYİN AZALMASI
…O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etdi….(“Ənam” surəsi, 96)
Yuxarıdakı ayədə ərəbcə “sekenen” kəlməsi “sükut, dinclik, istirahət etmə vaxtı, fasilə vaxtı” mənasında işlənir. Allah'ın Quranda diqqət çəkdiyi kimi, gecə insanlar üçün dincəlmək vaxtıdır. Gecələri bədəndə ifraz olunan melatonin hormonu insanı yuxuya hazırlayır. Bu hormon insanın fiziki hərəkətlərini azaldan, yuxulu və taqətsiz edən təbii sakitləşdiricidir. Yatarkən ürək döyüntüləri və nəfəs alıb-vermə ritmi yavaşlayır, qan təzyiqi düşür. Səhər olduqda isə bu hormonun ifrazı dayanır və bədən oyanmaq üçün xəbərdar olunur.
Yuxu, eyni zamanda bədəndə əzələlərin və digər toxumaların bərpa olunması, yaşlanan və ya ölən hüceyrələrin yenilənməsi üçün də imkan yaradır. Yuxu əsnasında enerji sərfiyyatı azaldığı üçün gecə ərzində bədəndə enerji yığılır. Bundan başqa, immunitet sistemi üçün bəzi əhəmiyyətli kimyəvi maddələr və böyümə hormonu da yuxu əsnasında ifraz olunur.
Buna görə də insan kifayət qədər yatmadığı təqdirdə, bu vəziyyətdən immunitet sistemi dərhal təsirlənir və bədənin xəstəliklərə qarşı müqaviməti azalır. Bir insan iki gecə yatmadıqda diqqəti cəmləməyi çətinləşir, yaddaşı zəifləyir, səhv etmək ehtimalı artır. İnsan üç gün yatmazsa hallusinasiya görməyə başlayar və məntiqli düşünə bilməyən vəziyyətə düşər.
Gecə vaxtı insanlar üçün olduğu qədər digər canlılar üçün də dincəlmək vaxtıdır. Allah'ın “O, gecəni dinclik vaxtı etdi” ayəsi ilə xəbər verdiyi bu vəziyyət mühüm bir həqiqətə işarədir: Yer üzündə gündüz baş verən bir çox fəaliyyət gecə boyu yavaşlayır, dincəlir. Məsələn, bitkilərdə günəşin doğması ilə birlikdə, yarpaqda tərləmə və buna bağlı olaraq fotosintez artmağa başlayır. Günortadan sonra isə bu proses tərsinə olur, yəni fotosintez yavaşlayır, tənəffüs artır, çünki istiliyin artması ilə birlikdə tərləmək də sürətlənir. Gecə isə istiliyin azalması ilə birlikdə tərləmə yavaşlayır və bitki rahatlayır. Əgər bir gecə dincəlməsəydilər, bitkilərin çoxu ölərdi. Buna görə də eynilə insanlar üçün olduğu kimi, bitkilər üçün də dincəlmək və gümrahlaşmaq mənasına gəlir.
Gecələri molekulyar səviyyədə də hərəkət azalır. Gündüzləri Günəşin yaydığı radiasiya Dünya atmosferindəki atom və molekulları hərəkətə gətirərək onların daha yüksək enerji səviyyələrinə çatmalarına səbəb olur. Qaranlıq çökdükcə atom və molekullar daha aşağı enerji səviyyələrinə enir və radiasiya yaymağa başlayır.
Quranda “Ənam” surəsinin 96-cı ayəsi ilə yuxarıda bəhs etdiyimiz bu elmi məlumatlara işarə edilə bilər və bu da Quranın saysız möcüzəsindən yalnız biridir. (Ən doğrusunu Allah bilir)