img
img

ALLAH İNSANI GECƏ VƏ GÜNDÜZ BARƏSİNDƏ DÜŞÜNMƏYƏ ÇAĞIRIR

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə dənizdə üzən gəmilərdə, Allah’ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır.(“Bəqərə” surəsi, 164)

Bir çox insan dərin düşünmək üçün başını iki əlinin arasına qoyub, bir otağa çəkilərək bütün insanlardan və hadisələrdən uzaqlaşmaq lazım olduğunu zənn edir. Hətta “dərin düşünməyi” o qədər gözündə böyüdür ki, özünün bacara bilməyəcəyinə inanır, bunun ancaq “mütəfəkkirlərə” aid bir xüsusiyyət olduğunu zənn edir.

Allah insanları düşünməyə çağırır və “(Bu) mübarək Kitabı, onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.” (“Sad” surəsi, 29) ayəsi ilə Quranı insanların düşünmələri üçün nazil etdiyini bildirir. Əsas olan insanın düşünmə bacarığını səmimiyyətlə inkişaf etdirməsi, düşünmə barəsində dərinləşməsidir.

Buna cəhd göstərməyən insanlar isə həyatlarını böyük qəflət içində keçirirlər. Qəflət kəlməsi “laqeyd yanaşmaq, tərk etmək, yanılmaq, əhəmiyyətsiz hesab etmək, diqqətsizlik etmək” kimi mənalar daşıyır. Düşünməyən insanların düşdükləri qəflət halı da yaradılış məqsədlərini və dinin bildirdiyi həqiqətləri unutmağın və ya bunları bilərəkdən qulaq ardına vurmağın nəticəsidir. Lakin bu, insan üçün çox təhlükəli və sonu cəhənnəmə aparan yoldur. Belə ki, Allah insanları qəflətə qapılmamaq barədə belə xəbərdar etmişdir:
Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. (“Əraf” surəsi, 205)

Sən onları işin bitmiş olacağı peşmançılıq çəkiləcək günlə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. (“Məryəm” surəsi, 39)

Quranda düşünüb, vicdanı ilə həqiqətləri görən və buna görə Allah’dan qorxub çəkinən insanlardan bəhs edilir. Heç düşünmədən, atalarından gördüklərinə kor-koranə əməl edənlərin isə xəta etdikləri xəbər verilir. Bu insanlardan soruşduqda, dindar olduqlarını, Allah’a inandıqlarını söyləyirlər. Lakin düşünmədikləri üçün Allah’dan qorxub çəkinərək hərəkətlərini düzəltmirlər.
De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allah’ındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?”De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allah’dır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allah’dır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar! (“Muminun” surəsi, 84-90)

DÜŞÜNMƏK İNSANLAR ÜZƏRİNDƏKİ SEHRİ TƏSİRSİZ EDİR

Ayələrdə Allah insanlardan, “Bəs necə olur ki, belə sehirlənirsiniz?”, - deyə soruşur. Ayədə qeyd olunan sehr kəlməsi, insanları kütlə halında təsiri altına alan zehni kütləyə işarə edir. Düşünməyən insanın ağılı keyləşir, beyini dumanlanır, gözünün önündəki həqiqətləri dərk etmir, mühakimə qabiliyyəti zəifləyir. Çox açıq bir şeyi belə qavramaqda çətinlik çəkir. Yəni ətrafında baş verən fövqəladə hadisələri dərk etmir.

Hadisələri düzgün analiz edə bilmir. İnsanların min illərdir ki, qəflət içində olmalarının, dərin düşünməkdən uzaq durmalarının səbəbi də bu keylikdir.

Bu kütləvi sehrin təsirlərindən birini belə bir nümunə ilə açıqlaya bilərik:

Yerin altı tamamilə maqma dediyimiz alov təbəqəsi ilə əhatə olunmuşdur. Yerin üz qabığı çox incədir. Yəni bu alov bizə çox yaxındır, demək olar ki, ayağımızın altındadır. Yer qabığının nə qədər incə olduğunu anlamaq üçün belə bir müqayisə apara bilərik: Yer qabığının qalınlığını bütün dünya ilə müqayisədə bir alma qabığının bütün alma ilə qalınlığını müqayisə etmək mümkündür.

Yer qabığının altında yüksək temperaturda qaynayan bir təbəqə olduğu hər kəsə bəllidir, lakin insanlar bu barədə düşünmürlər. Çünki bu insanların ana-ataları, bacı-qardaşları, qohumları, dostları, qonşuları, oxuduqları qəzetin yazıçıları, televiziya aparıcıları, universitetdəki müəllimləri də bunu düşünmürlər.

Biz sizi bu barədə bir az düşündürək. İnsanın hafizəsini itirdiyini və ətrafındakılardan soruşa-soruşa ətrafı tanımağa çalışdığını fərz edək. Bu insan əvvəlcə harada olduğunu soruşacaqdır. Ona torpağın düz altında alovdan qaynayan kürə olduğu, güclü zəlzələdə və ya vulkanda bu alovların yer üzərinə çıxa biləcəyi deyilsə, nə düşünər? Bir az daha irəli gedək və bu insana dünyanın yalnız kiçik bir planet olduğunu və kosmosda sərhədi bilinməyən qaranlıq boşluqda uçmaqda olduğunun da söyləndiyini fərz edək. Kosmosda dünyanın alt təbəqəsindən daha böyük təhlükələr var. Məsələn, tonlarla ağırlıqdakı göy cisimləri orada sərbəst şəkildə hərəkət edir. Bunların Yer kürəsinə çırpılmamaları üçün heç bir səbəb yoxdur.

Əlbəttə ki, bu insan düşdüyü təhlükəli vəziyyəti bir an belə ağlından çıxara bilməz. Belə bir mühitdə insanların həyatlarını necə davam etdirdiklərini araşdırar və qüsursuzca işləyən sistemin yaradıldığını anlayar. Üzərində olduğu planetin içi böyük təhlükə ilə əhatə olunub, amma çox həssas tarazlıqlarla bu təhlükənin hər an insanlara zərər verməsinin qarşısı alınmışdır. Bunun qavrayan insan dünyanın və dünya üzərindəki bütün canlıların Allah’ın diləməsi ilə, Onun yaratdığı qüsursuz tarazlıq sayəsində yaşadıqlarını və təhlükəsiz olaraq həyatlarını davam etdirdiklərini anlayar.

Bu nümunə, insanların düşünmələri üçün milyonlarla, hətta, bəlkə də milyardlarla mövzudan yalnız biridir. Qəflətin insanın düşünüb qavrama bacarığı üzərində necə təsir yaratdığını, insanın zehnini necə məhdudlaşdırdığını anlamaq üçün daha bir nümunə vermək faydalı olacaqdır:

İnsanlar dünya həyatının böyük sürətlə keçib tükəndiyini bilir, amma buna baxmayaraq, sanki bu dünyadan heç ayrılmayacaqlarmış kimi hərəkət edirlər. Sanki dünyada ölüm yoxmuş kimi davranırlar. Elə bu da nəsildən nəsilə ötürülən bir növ “sehirdir”. Hətta bunun elə güclü təsiri var ki, bir insan ölümdən bəhs etsə, üzərlərindəki sehrin pozulmasından və həqiqətlərlə üz-üzə gəlməkdən çox qorxaraq bu mövzunu dərhal bağlayırlar. Bütün həyatlarını yaxşı ev, bağ və ya avtomobil almaq, övladlarını universitetdə oxutmaq üçün sərf etmiş insanlar bir gün öləcəklərini və yanlarında nə avtomobillərini, nə evlərini, nə də övladlarını apara bilməyəcəklərini düşünmək istəmirlər. Bunun həlli olaraq ölümdən sonrakı əsil həyat üçün nə isə etmək əvəzinə, düşünməməyi seçirlər.

Halbuki, hər insan tez və ya gec mütləq öləcəkdir. Öldükdən sonra hər insan üçün (iman gətirən və ya gətirməyən) sonsuz həyat başlayacaqdır. Bu sonsuz həyatın cənnətdə, yoxsa cəhənnəmdə davam edəcəyi isə bu qısa dünya həyatında etdiklərinə bağlıdır. Bu qədər açıq həqiqət varkən, insanların sanki ölüm yoxmuş kimi davranmalarının yeganə səbəbi düşünmədikləri üçün üzərlərini bürüyən bu sehirdir.

Lakin dünya həyatında düşünərək özünü bu sehirdən, digər bir ifadə ilə qəflət halından xilas edə bilməyən insanlar öldükdən sonra həqiqətləri gözləri ilə görərək anlayacaqlar. Allah bu həqiqəti Quranda belə xəbər verir:
Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” (" Qaf” surəsi, 22)

Ayədə də bildirildiyi kimi, düşünmədikləri üçün bulanıq gördükləri görüntülər öldükdən sonra axirətdə hesab verərkən “aşkarlanacaq”.

Bunu da bildirmək lazımdır ki, insanlar öz-özlərini “bilərəkdən” belə bir sehrə salırlar. Bu tərzdə rahat həyat yaşayacaqları düşüncəsi ilə hərəkət edirlər. Halbuki, insanın bir anda qərar verib üzərindəki bu zehni keylikdən qurtulması, açıq şüurla yaşamağa başlaması çox asandır. Allah bunun həllini insanlara bildirmişdir. Düşünən insanlar bu sehri dünyada ikən üzərlərindən qaldıra bilərlər. Beləcə hadisələrin bir məqsədi və daxili yönü olduğunu anlayar və Allah’ın hər an yaratdığı hikmətləri görə bilərlər.

Elə bu insan düşünən və düşündüklərindən mühüm nəticəyə gələn insandır.

Amma insanların böyük əksəriyyəti bu mövzuları çox düşünmürlər. “Nə düşünürsən” deyə soruşulsa, çox lüzumsuz və özlərinə çox da fayda verməyəcək şeylər düşündükləri aydın olar. Halbuki, insan oyandığı andan yatana qədər keçən vaxt ərzində hər an “mənalı”, “hikmətli”, “əhəmiyyətli” mövzuları düşünə bilər, düşündüklərindən nəticə çıxara bilər.

Allah Quranda möminlərin hər şəraitdə düşündüklərini və bu düşüncələrindən faydalanacaq nəticələr çıxardıqlarını belə bildirir:
Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür¬ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (“Ali İmran” surəsi, 190-191)

Ayədə də bildirildiyi kimi, möminlər düşünən insanlar olduqları üçün yaradılışdakı möcüzəvi yönləri görə bilir və Allah’ın gücünü, elmini və ağlını təqdir edə bilirlər.

Quranda diqqət çəkilən bütün mövzular haqqında cildlərlə kitab yazıla biləcək qədər təfərrüatlı məlumatlar daşıyır. Məsələn, göyün yeddi qat olması və bunların dünya üzərindəki ekoloji sistemə və canlılara verdiyi faydaları, Ay və Günəşin mövsümlərə, iqlimlərə, gecə-gündüzün meydana gəlməsinə və insan həyatına olan təsirini düşünmək insanın düşüncə qabiliyyətini genişlədən, ağlını, imanını artıran vasitədir. Bu sistemlərdə əmələ gələn ən kiçik çatışmazlığın necə təhlükəli nəticələr doğuracağını düşünmək də eyni şəkildə təsirli olacaqdır. Bütün kainat bunlar kimi saysız təfərrüatlarla doludur və cahil cəmiyyətlərdə insanların çoxu gündəlik həyatlarında bunları düşünmürlər. Buna görə də yaradılış dəlillərini insanların heç düşünmədikləri yönləri ilə izah edərək digər insanları da düşünməyə sövq edəcək, Allah’ın gücünü və qüdrətini tanıyıb təqdir etməsində təsirli olacaqdır.